Está en la página 1de 4

Allah baba (hekayə) – Pərvin Mehtiyev

- Əhmədəli, bu zibili ödə qurtar da!...

Üzünü tər-təmiz qırxmış, bəstə boylu və zəhmli satıcının qara, girdə sifəti necə qızarmışdısa,
Əhmədəli bir anlıq özünü itirdi. Sanki satıcı elə indicə cumub ona yumruq-təpik atacaq, o isə özünü
müdafiə eləmək üçün bir yol axtaracaqmış kimi bir addım geri çəkildi. Satıcı qeyzlə davam edirdi:

- Ay insan balası, günə elə heç nə yox, iki çörəkdən hesabla, gör hara vurub çıxır? Məni də başa
düş də, iki aydan çoxdur ki, sənə müftə zir-zibil verirəm!

Əhmədəli yanında boynunu büküb dayanmış dörd yaşlı qızının çiynindən tutub onu öz arxasına
çəkdi. Sanki bu yolla uşağı müdafiə edirdi. Satıcının vitrinin arxasında olduğuna baxmayaraq uşaq
qorxmuşdu. Atasının düşdüyü vəziyyəti dərk etməsə də, nələrinsə yolunda getmədiyini başa düşmüşdü.
Dodaqlarını büzüb atasının arxasında gizlənmişdi. Arabir cəsarət edib boylanırdı və təlaş içində gah
atasına, gah da zəhmli satıcıya baxırdı.

- Vəli dayı, qoy uşağı aparım evə qoyum, qayıdaram, qorxur. Danışarıq, - Əhmədəli dodaqları əsə-
əsə ancaq bu sözləri deyə bildi. O qədər aciz idi ki, bir kəlimə belə artıq deməyə gücü çatmırdı. Yalvarış və
təlaş dolu baxışları əsəbdən qıvrılan satıcıya zillənmişdi.

- Lənət sənə, kor şeytan, - Vəli kişi əlini əlinə vurub istehza və əsəblə bağırdı, - sən özünü
dolamısan, yoxsa məni? İki aydı bezmədin “uşağı evə qoyub qayıtmaqdan”? Elə şey yoxdu, bu saat
“uçaskovu” çağırıb qandallatdıraram səni. Kələkbaz. Uşağı evə-zada aparmaq yoxdu, eşitdin?

- Vəli dayı, bu qədər əsəbiləşmək nəyə lazım, orda borc elə də yığılmayıb ki, Allah...

- “Allah qoysa, ödəyəcəm” hə? – Vəli kişi qeyzlə onun sözünün kəsdi, - a kişi, kişi də yox e, a gədə,
- o sanki səhvini düzəltmiş kimi kinayə ilə davam elədi, - iki aydır e, bunu deyirsən! Allah da bezib səndən,
görmürsən? Qoymur da, qoymur. Özün bir şey elə!

1
Allah baba (hekayə) – Pərvin Mehtiyev

Əhmədəli susurdu. Pul hərisliyi Vəli kişinin beyninə necə yerimişdisə, görünür Allahı da, onun
qüdrətini də unutmuşdu. Əhmədəli daha bu adamla nə danışasıdır ki? Doğrudur, bu vaxtacan onun çox
yaxşılığını görmüşdü, lakin, indi görünür, zaman həmin zaman deyildi. And versə, andına inanmayacaq,
söz versə, sözünə. Odur ki, qısa fasilədən sonra sakitcə cavab verdi:

- Qızı evə qoyum, gəlirəm.

- Demədim elə şey yoxdur? – Vəli kişi səsini bir az da qaldırdı, - Uşaq bəhanəsiylə aradan çıxmaq
istəyirsən? Elə şey yoxdur! Uşaq burda qalacaq. Get, canın çıxsın pulu tap, gətir ödə, uşağını apar!

- Vəli dayı, qurbanın olum, - Əhmədəlinin gözləri dolmuşdu, lakin özünü mətin aparmağa
məcbur idi, çünki, həm qızı yanında idi, həm də ucu-bucağı görünməyən bu dükanda başqa müştərilər də
var idi, - bayram axşamıdı, iki çörək bir də yumurta ver, qoy uşağı da aparım, söz verirəm, sabah axşama
yerin dibindən də olsa pulunu tapıb ödəyəcəm. Gör neçə ilin qonşusuyuq.

- Gözlə, - Vəli kişi qışqırdı, əli ilə mənalı tərzdə Əhmədəlini gözləməyə məcbur elədi və gənc bir
müştərinin suallarına cavab verməyə başladı:

- Yox, qızım, o sənlik deyil, - o səsini yumşaltmışdı, - budur bax, indicə gəlib, özü də yerli deyil

- Vaxtı keçməyib? – gənc qız dilləndi, - baxın, zəhmət olmasa.

- Yox, yox, nə danışırsan, dedim axı indicə gəlib.

Vəli kişi gənc qıza təklif etdiyi turşu bankasını paketə qoydu, hesablayıb məbləği dedi və dərhal
da bir az əvvəlki qeyzli səs tonu ilə üzünü Əhmədəliyə tutdu:

- Bax, sənin iki aydı yığılan borcun qədər camaatın qızı birdəfəlik alış-veriş eləyir, - başını bulayıb
davam elədi, - altmış manat. Sözsüz ki, o yalan deyirdi, bir banka turşu bu qədər etməzdi. Daha sonra
narazı halda deyinə-deyinə gənc qıza çatası paketi ona uzatdı, dərhal üz ifadəsi dəyişərək mülayim bir hal
aldı, gülümsədi və qızı yola saldı. Gənc qız dükanın qapısından çıxan kimi yenidən bir az əvvəlki əsəbi
ifadəyə qayıtdı və qeyzlə dedi:

- Vaxtımı alma, götür cüllütünü də, get, sabah pulu verdin, verdin, vermədin özündən küs!

Əhmədəli iki aydan artıq idi ki, işləmirdi. Əslində bacarıqlı oğlan idi, amma iş yerlərində baş
verən kütləvi təxirəsalınmanın qurbanı olmuşdu. Bu iki ay ərzində iş tapmaq ümidi ilə getmədiyi yer,
döymədiyi qapı qalmamışdı. İki azyaşlı balasının heç olmasa gündəlik ehtiyacını ödəməkdən ötrü nə desən
eləyərdi. O, buna görə ev təmizləməyə, xəstəyə baxmağa, həyət-baca yığışdırmağa, zir-zibili daşımağa da
razı idi. Amma ilin-günün bu vaxtında bu işlərə görə kim idi ona pul verən? Odur ki, əvvəlki iş yerindən
verilən vədin nə zaman reallaşacağını gözləyə-gözləyə artıq iki ay idi ki, işsiz və pulsuz idi. Oradan
demişdilər ki, tezliklə tikintinin yarımçıq qalmış fəaliyyəti davam etməyə başlayacaqdır və işçilərin hamısı
geri çağrılacaqdır. Hər halda, bu məlumat yalan da olsa, doğru da olsa, fakt bu idi ki, Əhmədəlini bu kiçik
ümidin içinə həbs etmişdilər və o, çarəsiz bir şəkildə gözləyirdi. İşsiz qaldığı müddətdə demək olar ki,
çörək və yumurtadan başqa bir şey yemirdilər. Arada-bir uşaqların mədəsinə sulu yemək getsin deyə evdə
makaron şorbası bişirilərdi, o qədər. Aylar idi ki, o körpələr ətin, südün dadını unutmuşdular. Yaxşı ki,
düşdüyü bu duruma anlayış göstərən və daim onun yanında olduğunu bildirən, əlini əsla onun əlindən
çəkməyən həyat yoldaşı var idi. Yoxsa, həyat bu gənc üçün daha dözülməz olardı. Hətta işgəncə olardı.

2
Allah baba (hekayə) – Pərvin Mehtiyev

Əhmədəli balasının əlindən tutdu, əzizləyə-əzizləyə bu qəddar divarların arasından çölə çıxdı.
Qışın soyuq nəfəsi birdən-birə onu vurdu və yanaqları ilə süzülən damcılar dərhal qurudu. Bu,
Əhmədəliyə bir az toxtaxlıq da olmuşdu, amma səbəbini özü də bilmirdi.

- İlahi, bu nə soyuqdur, - deyə mızıldandı və qızının qarşısında dizlərini qatlayıb əyildi. Yaxşı ki,
uşağın əynindəki paltarlar qalın idi. Köhnə olsalar da, heç olmasa onun körpə bədənini isti saxlayırdılar.
Əhmədəli qızının üzündən öpdü, paltarının boynunu qulaqlarına qədər qaldırdı, papağını yaxşıca başına
basdı, uşağın könlünü xoş eləmək üçün gülümsədi və yollarına davam etdilər. Dükanla ev arasındakı
məsafə elə də çox deyildi, amma bu on-on beş dəqiqəlik məsafə Əhmədəliyə illər qədər uzun və ağrılı
gəldi. Evdə onun heç olmasa iki çörək tapacağını ümid edən və bunu həsrətlə gözləyən həyat yoldaşı və ac
olan digər körpə övladı var idi. Bəs onlara nə cavab verəcəkdi? Tutaq ki, bir cavab verdi, bəs o məsum
körpələr bu uzun və soyuq gecəni ac-susuz necə keçirəcəkdilər? Yolu yarılayana yaxın uşağın ani sualı
dalğın atanı fikirlərindən ayırdı:

- Ata, bəs biz heç nə almadıq?

- Yox, qızım, - Əhmədəli soyuq bir halda cavab verdi.

- Bəs niyə getmişdik ora? O adam niyə qışqırırdı? Bəs bizə çörəyi kim alacaq? – balaca uşaq
qanmazlıqdan ardı-arası kəsilmədən sual yağdırırdı. Əhmədəli isə bu suallardan yalnız sonuncusuna, həm
də qısaca cavab verdi:

- Allah baba, qızım, Allah baba.

- Kimin babası? - uşağın körpə ağlı ancaq bu qədərini dərk edirdi.

- Bütün balaca uşaqların babası, - düşüncəli ata soyuq və usanmış bir səs tonu ilə cavab verdi,
lakin bunu deyəndə bir az gülümsədi.

- Baba bizə nə alacaq? – Uşaq özü də bilmədən aləmlərin Rəbbini nəzərdə tuturdu.

- Hər şey.

- Allah baba kimdir ki?

- O çox yaxşı adamdır, qızım, - Əhmədəli bu balaca uşağı ovutmaq üçün ancaq bu qədərini deyə
bildi. Gözlərini yumdu, dərindən ah çəkdi, başını səmaya qaldırdı və təkrar etdi, - çox yaxşı adamdır.

Artıq evin qarşısına çatmışdılar. Ac olmasına baxmayaraq, bu balaca qızcığazda hələ də uşaqlara
xas olan xoşbəxtlik qığılcımlarını sezmək olardı. Bu gün demək olar ki, heç nə yeməmişdi, lakin hələ ki,
aclığın ona qalib gələ bilmədiyi aydın görünürdü. Evə keçməzdən əvvəl bir neçə dəqiqə atası ilə bütün
sıxıntıları, dərdləri, hətta aclığı və səfaləti də unutdular və yağan qarın içində sağa-sola eşələndilər.
Əlbəttə, övladının bu xoşbəxtliyi hər ataya qeyri-ixtiyari və səbəbsiz bir xoşbəxtlik bəxş edir. Ona görə də
hər şey kimi, xoşbəxtlik duyğusu da məsumca hisslər daxilində olanda, səbəbsiz və məqsədsiz olanda daha
gözəl və mənalı olur. Həm də qalıcı olur. Bax, uşaq sevinci, uşaq xoşbəxtliyi belə bir şeydir, əslində. O,
kiçik bir konfet, bir ayaqqabı, ya da ananın bir qucaqlamağı, atanın bir öpməyindən başqa heç nədən asılı
deyildir. Uşaqlıq xoşbəxtliyi çox az şeylərdən, lakin ən dəyərli olanlardan asılıdır. Balaca qızcığazın bu
dəqiqələrini bax, həmin o uşaqlıq xoşbəxtliyinin altına qeyd etmək lap yerinə düşərdi.

Beləliklə bir az qarla oynadıqdan sonra təbii olaraq soyuq hava öz təsirini göstərməyə başladı və
qızcığaz bu dəfə də evə tərəf dartınmağa başladı. Əhmədəli qızına mane olmadı və onlar köhnə qapının

3
Allah baba (hekayə) – Pərvin Mehtiyev

cırıltılarının müşaiəti ilə evə keçdilər. Ayaqqabısını soyunub evə daxil olan qızcığazı və Əhmədəlini evin
xanımı qarşıladı. Ana dərhal qızına tərəf yüyürüb, “görüm ayaqqabılıların su keçirməyib ki?” deyərək
onun corabları yoxladı. Corabların quru olduğuna əmin olduqdan sonra o ana ürəyi yerinə gəldi və
Əhmədəliyə tərəf döndü:

- Neyləyə bildin? – o, sanki həyat yoldaşını nəyəsə məcbur edirmiş və bundan vicdan əzabı
çəkirmiş kimi peşmanlıqla sözünə davam elədi, - deyəsən əlin boşdur.

- Bu dəfə olmadı, - Əhmədəli kor-peşman dilləndi. O, həyat yoldaşının “bəs necə olacaq?” sualını
onun gözlərindən oxuyaraq sözünə davam elədi, - evdə boyat çörək varsa birtəhər dolanaq, sabaha görüm
neynirəm?

Yoldaşı bir söz deməki, lakin balaca qızcığaz özünü söhbətə daxil etdi:

- Ata, bəs Allah baba bizə gəlmədi?

- Yox, qızım, bayaq dedim axı, - əslində Əhmədəli çox əsəbi idi, lakin özünü ələ alaraq
gülümsəyirdi, - hələ gəlməyib.

- Bəs nə vaxt gələcək? – bu sualların belə mənasız olması bu yaşda bir uşaq üçün bağışlanan
məsələdir, çünki onun anlaqlılıq dərəcəsi ancaq bu qədərinə imkan verir. O hələ çox balacadır. Qızcığazın
bu sonuncu sualı ilə bərabər evin qapısının şiddətlə döyünməyi bir oldu və atası da, qızı da onları qeyri-
ixtiyari bürüyən bir həyəcanla qapıya boylandılar. Əhmədəli “deyəsən, gələn elə Allah babadır” deyərək
qapıya doğru yönəldi. Yol boyu da ani bir qərarla necə axmaq bir cümlə qurduğunun fərqinə vardı. Lakin,
bəzən uşaqla uşaqlaşmaq lazımdır. O, əlini atıb qapının dəstəyini çəkdi, qapını açdı və qarşısındakı
mənzərədən heyrətə gəldi. İlahi! Sənin qüdrətinə qurban olum. Əhmədəli yerindəcə donmuşdu. Qapıya
qoyulmuş dörd ədəd iri paketin birinin kənarından sürüşüb açığa çıxan meyvə suyu butulkası bunların
ərzaq olduğunu göstərirdi. Əhmədəli böyük bir heyrətlə həyətə çıxdı, sağa-sola boylandı, lakin dekabr
küləyi nə varsa, hamısını sovurub özü ilə uzaqlara aparmışdı. O heç kəsi görmədi. Təəccüblə qapıya tərəf
qayıtdı. “Həqiqətənmi bu ərzaqları Allah baba göndərib?” deyə ürəyində özünə sual verdi. Başını qaldırıb
səmaya boylandı. Bu boylanmada sonsuz bir şükür və milyonlarla sual ifadəsi var idi. Hava tutqun və
buludlu idi, lakin ay arada-bir buludların arasından gizlin-gizlin boylanırdı. Sanki, bu mənzəni qaçırmaq
istəmirdi. Çox keçmədi ki, səbrsiz qızcığaz da atasının ardınca yüyürdü, “ata, ata” deyərək qapıya çıxdı.
Yerdəki paketləri görcək dərhal onlara tərəf cumdu. Əlini atdığı ilk paketdən çıxan şirin kökə ilə sevincini
paylaşırmış kimi, onu sinəsinə sixib anasını səslədi:

- Ana, bax, Allah baba bizə hər şey aldı,

Çarəsiz atanın gözləri dolmuşdu. Dekabr soyuğunun bu gecə nə onu, nə həyat yoldaşını, nə də iki
balasını üşütməyə gücü çatacaqdı. Bu gecə onlar tox və firəvan yatacaqdılar. Bəli, bayramın nə olduğunu
anlamayan bu məsum körpələr üçün bundan gözəl bayram payı ola bilməzdi.

- “Allah baba”, - xoşbəxt, lakin bir o qədər də bədbəxt və çarəsiz ata dodaqları əsə-əsə pıçıldadı, -
O doğrudan da, çox yaxşı adamdır, qızım, çox yaxşı... Daha sonra paketləri götürüb sevinclə evə keçdi.

Bir az əvvəl dükanda alış-veriş edən gənc qız isə etdiyi bu yaxşılığın təsiri ilə gözlərinin yaşını
silə-silə küləyin sovurduğu qar dənəciklərinin arasında gözdən itdi...

También podría gustarte